Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Zəfər Günü ərəfəsində çox maraqlı bir ilkə imza atıb.
Şirkət şəhid olmuş 4 əməkdaşının valideynlərinin arzusunu həyata keçirərək, şəhidlərin böyüyüb boya-başa çatdığı bölgələrdə 4 filialını qəhrəmanlarının adına həsr edib.
Bundan sonra “OBA”nın Yardımlı, Beyləqan, Şirvan və Qəbələdəki 4 filialı şəhid əməkdaşları – Tural Aslanov, Qara Nəsirov, Süleyman Bağırov və Ümman Əmiraslanovun adları ilə tanınacaq.
44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına şəhid olan “OBA” marketlər şəbəkəsinin əməkdaşı Ümman Əmiraslanovun anası Fəzilə Əmiraslanova bildirib ki, oğlunun adının əbədi yaşaması onun üçün hər şeydən önəmlidir:
“OBA” marketlər şəbəkəsinin bu təşəbbüsü hər kəsə örnək olmalıdır. Bütün şəhidlərimizin adına belə obyektlər, məktəblər, bağçalar verilməli, şəhidlərimiz yaddan çıxmamalıdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. “OBA”mızın 4 şəhidi var idi. Mən bütün rəhbərliyə öz təşəkkürümü bildirirəm ki, belə bir addım atıblar. Allah şəhidə dəyər verən hər kəsə öz qatında dəyər versin”.
“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli qeyd edib ki, ərsəyə gələn layihə şəhid valideynlərinin arzusunu reallaşdırıb:
“44 günlük Vətən Müharibəsində “OBA”mızın 4 əməkdaşı da vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmancasına vuruşaraq şəhid olublar. Həmçinin, şirkətimizin onlarla qazi əməkdaşı var. Şəhidlərimizin adını daim yaşatmaq, onların ailələrinə az da olsa təsəlli olmaq bizim hər birimizin borcudur. Zəfərimizin ikinci ilində qəhrəman əməkdaşlarımızın validyenlərinin arzusunu həyata keçirməyə çalışdıq. Ümid ki, ərsəyə gətirdiyimiz bu layihə ilə onların ağrısını az da olsa azalda bildik. Şəhidlərimiz Tural Aslanov, Qara Nəsirov, Süleyman Bağırov və Ümman Əmiraslanovun ailəsi daim şirkətimizin diqqətindədir, biz hər zaman onların yanındayıq və bundan qürur hissi duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!”.
Keçirilən tədbirlər rayon əhalisi arasında da böyük maraqla qarşılanıb. Şəhidlərin doğmaları, yaxınları, təhsil aldıqları məktəblərin kollektivləri açılış mərasimlərində iştirak edib, onlarla bağlı öz xatirələrini bölüşüblər. Tədbirlər kövrək anlarla yadda qalıb.
https://qafqazinfo.az/